Mərkəzi Bankın idarə heyətinin rəhbəri Elman Rüstəmov Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı deyib ki, ipoteka kreditləşməsi üzrə yeni strateqiya hazırlanır:

"İpoteka və mənzil problemlərini dövlətin üzərinə yıxmaq düzgün deyil. Avropada ipoteka kreditləşməsinin 100 yaşı var. Bizdə isə buna yeni başlamışıq. İpotekanın əsas prinsipi ucuz mənzillərin tikilməsinə nail olmaqdır. Bu gün Azərbaycan Türkiyə təcrübəsini öyrənir".


E.Rüstəmov həmçinin qeyd edib ki, Azərbaycanda uzunmüddətli ipotekanın verilməsinə nail olmaq üçün banklar uzunmüddətli kreditlər əldə etməlidir: «Buna nail olmaq üçün biz bu gün Maliyyə Nazirliyi ilə danışıqlar aparırıq».

AMB başçısı ölkədəki bankların kreditlər üzrə faiz dərəcələrinə də toxunub: «Bəli, bu gün Azərbaycanda bank faiz dərəcələri yüksəkdir. Amma bu elə də böyük problem yaratmır. Bu gün Azərbaycanda istehlak kreditlərinin dərəcəsi 17%, biznes kreditlərinin isə 14-15%-dir. Azad iqtisadi bazardır, tələb var, təklif var. Əgər bu gün banklar bu faizlərlə kredit verirsə, deməli buna tələbat var. Tələbat olan yerdə isə, təklif də olur».