"İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ) sədrinin müşaviri Cəmil Hüseynovdan müvafiq hüquq-mühafizə orqanlarına şikayət edəcək.
F.Şahbazlının sözlərinə görə, ATGTİ sədrinin müşaviri özünün yazdığı "Facebook” statusunda onu açıq mətnlə təhqir edib: "Noyabr ayının 4-də mən özümün şəxsi "Facebook” hesabımda universitetlərdəki tələbə etirazları ilə bağlı fikirlərimi bildirərək qeyd etmişəm ki, bu etirazların baş tutmasında əsas səbəbkarlardan biri də universitetlərin Tələbə Gənclər Təşkilatlarıdır(TGT). Bildirmişəm ki, nə qədər ki, nə qədər ki, TGT-lər təqvim günlərini qeyd etməkdən başqa heç nəyə yaramayacaq, tələbələrin TGT sədrinin necə seçilməsindən xəbəri olmayacaq, o zamana kimi də tələbələr sözlərini həyətə çıxıb qışqıraraq deyəcəklər. Bizə tələbələrin məsələlərini ciddi şəkildə qaldıra biləcək TGT-lər gərəkdir. Hesab edirəm ki, bu haqlı mövqedir. Cənab Prezidentin həyata keçirdiyi olduqca uğurlu dövlət gənclər siyasətinin mahiyyətində də Azərbaycan gəncliyini intellektual, dünya miqyasında bütün istiqamətlər üzrə rəqabətə tab gətirəcək və müstəqil düşüncəli mobil qüvvə kimi görmək istəyi dayanır”.
F.Şahbazlının sözlərinə görə, bu statusdan sonra ATGTİ-nin rəhbərliyində təmsil olunan gənclər tərəfindən onun ünvanına açıq və təhqiramiz hücumlar başlayıb:
"Son olaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ) sədrinin müşaviri Cəmil Hüseynov özünün yazdığı statusda məni açıq və ağır təhqirlərə məruz qoyub.
Biz hüquqi və demokratik dəyərlərin hökmran olduğu dövlətdə yaşayırıq. Onlardan fərqli olaraq, biz mübarizəmizi hüquqi müstəvidə aparacağıq. Yaxın günlərdə Cəmil Hüseynovun ünvanıma yağdırdığı təhqirlərlə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Əminəm ki, hüquq-mühafizə orqanları məsələyə obyektiv yanaşıb, müvafiq qərar çıxaracaqlar”.