Noyabrın 5-də Nəsimi Rayon Məhkəməsi Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə prosesi davam etdirib.
"Media forum” saytına danışan vəkil Fəxrəddin Mehdiyev məhkəmənin həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə qaldırılan vəsatəti təmin etmədiyini bildirib: "İttiham tərəfinin şahidlərinin verdikləri yalan ifadələr məhkəmə prosesində öz təsdiqini tapdı. Şahidlərin ifadələrində xeyli ziddiyyətli məqam var. Biz də bu səbəbdən həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verdik. Qurban Məmmədovun həbsdə saxlanması ciddi qanun pozuntusudur. Təəssüf ki, məhkəmə vəsatəti təmin etmədi”.
Növbəti məhkəmə prosesi noyabrın 7-də olacaq.
Xatırladaq ki, Qurban Məmmədov iyunun 4-də yol hərəkəti qaydalarını pozma ittihamı ilə tutulub, sonradan ona ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı da verilib.