Şəhər icra hakimiyyətinin təklifi ilə Azərbaycan Dövlət Neft Şirkəti nəznindəki Azərikimya İstehsalat Birliyi Sumqayıtın 9-cu mikrorayonunda müasir tələblərə cavab verən nümunəvi həyətlər yaradıb. Mikrorayondakı bir neçə həyət tam abadlaşdırılıb.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun şəhər sakinləri ilə birbaşa dialoqu bu yaşayış massivinin gözəl və abad həyətlərinin birində təşkil edilib.
Ənənəyə görə, Sumqayıt İcra Hakimiyyətinin başçısı ilə bərabər, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin, şəhər təsərrüfatı xidmətlərinin rəhbərləri də sakinlərlə görüşə gəlmişdi. Bu fakt ona dəlalət edirdi ki, icra hakimiyyəti sakinləri dinləməklə bərabər, vətəndaşların müraciətlərinə operativ münasibət bildirməyə və dərhal tədbir görməyə hazırdır.
Sakinlər həllini gözləyən problemlər barədə danışır, aktual məsələlər qaldırırdılar. Tənqidi çıxışlar da səsləndi.