"Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Gürcüstan prezidenti Mixail Saakaşviliyə, Baş naziri Bdzina İvanişviliyə və Gürcüstanın dövlət və hökumət başçılarına müraciət edib.
Mia.az müraciətin aktuallığını nəzərə alaraq, olduğu kimi dərc edir:
"Hər ikinizi "Borçalı” Cəmiyyəti üzvləri və şəxsən öz adımdan salamlayır və qarşıdan gələn prezident seçkilərinin sizə uğurlar arzu edir, seçkilərin tam demokratik keçirilməsi üçün səylərinizi səfərbər etməyinizi arzulayıram. Seçkidə iştirak edən digər namizədlərin hər birinə də eyni arzumuzu ifadə edirəm.
Hər iki dövlətin Kreml tərəfindən himayə olunan etnik separatçılıqdan əziyyət çəkdiyini də unutmamalıyıq. Gürcüstanda məskunlaşan bir neçə yüz min soydaşımız olan Borçalı türkləri bütün təxribat və məkrli planlara uymayaraq hər zaman Gürcüstan Dövlətçiliyi mövqeyində dayanmış, klassik dostluq, qardaşlıq nümunəsi göstərmişlər. Bu gün onlar Gürcüstanın daha da güclənməsi üçün ciddi dayaqlardan biridir. Həmçinin onlar hər iki dövlətin daha qarantlı sabaha getməsi üçün Türkiyə-Gürcüstan-Azərbaycan arasında sarsılmaz mənəvi körpü rolunu oynamaqdadırlar. Düşünürəm ki, bu çox həssas bir məqamdır.
Sizin hər ikiniz zaman-zaman soydaşlarımıza ehtiramımızı ifadə etmiş, onların xüsusi məzmun və mahiyyət daşıyan problemlərinin həll olunmasına yardımçı olacağına söz vermisiniz. Təəssüflər olsun ki, bu problemlərin, xüsusilə 1991-92-ci illərdə əsassız olaraq Bolnisi rayonunda dəyişdirilmiş kənd adlarının bərpası istiqamətində real addım atmadınız. Eyni zamanda əhalinin məlumatsızlığı ucbatından onların müxtəlif "hüquqi” yollarla əllərindən alınmış torpaqlarının onlara qaytarılması istiqamətində şifahi söz verməkdən uzağa gedə bilmədiniz. Acınacaqlı hal odur ki, bu azmış kimi son vaxtlar Segareco və Qardabani rayonlarında soydaşlarımıza məxsus olmalı bir neçə min hektar torpaq sahəsi müxtəlif vasitələrlə işbazlara verilmişdir. Haqlı olaraq soydaşlarımız bunu Gürcüstan mərkəzi hakimiyyətinin soydaşlarımıza qarşı ayrıseçkilik siyasəti kimi dəyərləndirirlər. Odur ki, sizlərdən və bütün prezidentliyə namizədlərdən soydaşlarımızın bu tip həssas problemlərinə diqqətli olmağı, onların halal haqlarının özlərinə qaytarılmasına cəsarətlə yardımçı olmağınızı, təxirə salmadan bu problemlərin həllinə qol qoymağınızı xahiş edirik. Bu demokratiyanın daha üstün dəyər olduğunu sübut edən cəsarətli addıım olmaqla, soydaşlarımızın Gürcüstana daha sıx bağlanmalarına, bölgədə barış və sülhə əvəzsiz fayda verər, Azərbaycan və Gürcüstan arası müttəfiqlik münasibətlərinin daha da möhkəmələnməsinə əlavə güc verərdi. Bu həm də hər iki dövləti təhdid edən məkrli güclərə vahid milli cəbhədə dirəniş göstərməyimizə, Vahid Qafqaz Evinin formalaşmasına ciddi təkan verərdi.
Bir daha gürcü xalqına xoş rifah, demokratiya, bütövlük yolunda mübarizlik arzu edirəm. Ulu Tanrı yardımçınız olsun. Allah birlik və bərabərliyimizi qorusun!"