9 oktyabr prezident seçkisində müstəqil namizəd olmuş deputat Zahid Oruc oktyabrın 22-də parlamentin iclasına qatılıb.
"Media forum” saytı xəbər verir ki, Zahid Oruc deputat həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının yanında deyil, ondan aralıda – ilk cərgədə tək əyləşib.
Milli Məclisin deputatı olduqları müddətdə indiyədək Fəzail Ağamalı və Zahid Oruc hər zaman parlamentdə yanaşı əyləşmişdilər.
Xatırladaq ki, Zahid Oruc 1992-ci ildən 2013-cü ilədək Ana Vətən Partiyasının üzvü olub, uzun illər partiyada siyasi məsələlər üzrə sədr müavini postunu tutub. 2013-cü ilin avqustunda partiya qərarının əleyhinə olaraq prezidentliyə namizədliyini verdiyindən Ana Vətən Partiyası onun təşkilatdan çıxarılması barədə qərar qəbul edib.