Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 20-nə təyin edilmiş mitinqi ilə bağlı məktuba Bakı Şəhər İcra Hakimiyyəti cavab vermədiyi üçün qeyri-müəyyən vəziyyət yarandığından mitinqin vaxtı oktyabrın 27-nə dəyişdirilib.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin verdiyi məlumata görə, qurumun prezidentliyə namizədi Cəmil Həsənli Avropadan qayıdan gün mitinqlə bağlı yaranmış vəziyyəti dəyərləndirib hakimiyyətin "məktub daxil olmayıb” bəhanəsini kəsmək üçün oktyabrın 27-də mitinqə şərait yaradılması məqsədilə dərhal məktub göndərilməsini məqsədəuyğun sayıb. Ona görə də oktyabrın 18-də Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub ünvanlanıb. Məktubda oktyabrın 27-də saat 16-dan 18-dək Yasamal rayonu Sağlamlıq İdman Kompleksinin stadionunda mitinqə şərait yaradılması istənilib: "Oktyabrın 14-də Bakı şəhər İcra Hakimiyyətinə 20 oktyabr tarixində mitinq keçirməklə bağlı müraciət etsək də, qarşı tərəf belə bir müraciətin daxil olmadığını iddia etdi. Belə olan halda, biz mitinqin oktyabrın 27-də keçirilməsi ilə bağlı yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdik. Mitinq azad, ədalətli seçkilər şüarı ilə keçiriləcək. 27 oktyabr mitinqi 9 oktyabrda keçirilən seçkilərin saxtalaşdırılmış nəticələrinə etiraz məqsədi daşıyacaq”.

musavat.com