Vəkil növbəti əfv fərmanında Ə.İnsanovun adının olub-olmayacağı ehtimalından danışdı: "Əfv fərmanı yazasan ki, əfv etsinlər. Əli İnsanov əfv ərizəsi yazmır”.
Qeyd edək ki, Avropa Məhkəməsinin sabiq nazirin azadlığa buraxılması barədə qərarı var.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, hər bir halda əfv həmişə müsbət addımdır: "Ümumilikdə 150 dustaq ailəsinə qovuşub. Amma bizim siyahıdan 2 nəfər azad olundu. Ümidimiz daha böyük idi, belə gözləmirdik. Əli İnsanovun əfv siyahısında olmaması bizi məyus etdi. Çünki Əliyev qardaşları ilə birlikdə o da həbs olunmuşdu. Onlara əfv şamil edilir, ona niyə yox?”
N.Cəfəroğlu dekabrda növbəti əfv olacağını güman edir: "Biz Tofiq Yaqublu, İlqar Məmmədov, NİDA-çılar, islamçılar, Hilal Məmmədov və digər məhbusların azadlığa çıxmasını gözləyirik. Bizim siyahıya görə yanaşsaq bu əfv fərmanı kafidir. Ancaq ümumilikdə müsbət haldır, əfv verilməsi xoş hadisədir. Biz gözləyirik ki, İlham Əliyev böyük addım atsın, millətə barışıq jesti edərək bütün siyasi məhbusları azad etsin. Hətta bu addımı inauqurasiya mərasimindən sonra atsa çox yaxşı olar. Ancaq dekabrda inanıram ki, növbəti əfv fərmanı olacaq, siyasi məhbuslar azad ediləcək”.
Bildirək ki, oktyabrın 15-də prezident əfv fərmanı imzalayıb. Azadlığa çıxan 150 məhbus arasında sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin də adı olub. Xatırladaq ki, Əliyev qardaşları və anası Şövkət Əliyeva ölkə başçısına əfv ilə bağlı müraciət etmişdi. Bundan öncə isə F.Əliyev və qardaşı R.Əliyev seçkilərdə YAP-ın namizədinə səs vermişdi.
musavat.com