Milli Şuranın seçkilərdə məğlub
olmasından sonra uzun illərdir müxalifətdə olan bəzi liderlərin istefa
verəcəyi, ya da siyasətdən gedəcəyi proqnozlaşdırılır. Bu siyahıda
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin adı da
hallandırılır.
ALP sədri Əvəz Temirxan Lalə Şövkətin
siyasətdən gedib-getməyəcəyinə aydınlıq gətirib. O, Modern.az saytına
açıqlamasında L.Şövkətin siyasətdən getmək fikrinin olmadığını bəyan
edib: "Lalə xanım həmişə siyasətdədir. Lalə xanım üçün siyasətdə olmaq
Azərbaycan üçün çalışmaq deməkdir”.
Ə.Temirxan daha sonra rəhbəri olduğu
partiyanın və Lalə Şövkətin seçkilərlə bağlı mövqeyini açıqlayıb:
"Seçkilər azad və ədalətli keçmədi. Xeyli pozuntulara yol verildi.
Daxili müzakirəmiz olacaq, ondan sonra mövqeyimizi ifadə edəcəyik. Lalə
Şövkət mövqeyini özü ortaya qoyacaq. Bu çox ciddi məsələdir, fikirlərini
məhz özü bildirəcək”.
"ALP Milli Şurada qalacaqmı” sualına
cavab verən Ə.Temirxan bu məsələnin onlar üçün gündəmdə olmadığı qeyd
edib: "Bizim üçün Milli Şurada qalmaq və ya qalmamaq gündəmdə deyil”.