Bakı Apellyasiya Məhkəməsində «Bakı» futbol klubunun prezidenti, «Baghlan Group»un sahibi Hafiz Məmmədovun sahibi olduğu  "Bank of Azerbaijan” ASC ilə məşhur türk iş adamı, Amerikada yaşayan qızıl dərilərlə bağlı bir neçə xüsusi araşdırmanın müəllifi Köksal Ahmat arasında məhkəmə çəkişməsinə hüquqi qiymət verilib.

 Bu barədə mia.-az-a daxil olan məlumatda bildirilir ki, Hafiz Məmmədovun oğlanları Kənan və Sənan Məmmədovların 86 faizə yaxın səhmlərinin sahibi olduğu "Bank of Azerbaijan” ASC adıçəkilən türk iş adamı başda olmaqla, "MM İnşaat LTD”MMC və  Sarqın Haldun adlı daha bir əcnəbiyə qarşı şikayət üzrə setyabrın 26-da məhkəmə keçirilib: «Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun sədrliyi keçirilən prosesdə qərar elan olunub. Hakim Nərimanov rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, iş adamları və sözügedən MMC-yə qarşı irəli sürülən kredit ödənişi ilə bağlı tələb təmin olunub».

 Xatırladaq ki, banka yeni sahiblənən Hafiz Məmmədovun ilk işlərindən biri həmin iş adamı və ona bağlı şəxslərə qarşı iddia qaldırmaq olub. Həmin iddiaya əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Qərardaddan yuxarı məhkəmə instansiyasına şikayət edilib.  Bu ilin aprel ayının 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şikayətə baxılıb. Hakim "Bank of Azerbaijan” ASC-nin iddiası əsasında cavabdehlər - Köksal Ahmet, "MM İnşaat LTD”MMC və  Sarqın Halduna qarşı irəli sürülən tələblər üzrə birinci məhkəmə instansiyasının qəbul etdiyi qərardadı ləğv edib və işi yenidən baxılması üçün aidiyyatı üzrə Nərimanov rayon Məhkəməsinə göndərilmişdi.

mia.az