Milli Şuranın ötən gün baş tutan mitinqi geniş müzakirə və tənqidlərə səbəb olub. Müzakirələr xüsusilə REAL vətəndaş hərəkatı və AXCP fəallarının qarşılıqlı ittihamları ilə yadda qalıb.
"Bu gün mitinqə getmişdik (ailəvi). Uşaqla olduğumuzdan, stadiona buraxılmadıq. Çıxışları kənardan dinləməli olduq. Çıxışçıları görə bilmirdik, amma səslərindən tanımaq olurdu. Mitinqin aparıcısını isə səsindən tanıya bilmədim. Çox pis aparıcılıq etdi. Çıxışların əksəriyyəti çox zəif idi. Yenə köhnə mövzular, keçmişə səyahət və s. Suallar da uğursuz idi. ”İlham bəsdir", "İlham get” - bunu anlamaq olur. Bəs "İlham rədd ol!” nə idi? Yeni məna yaratmır, ancaq yersiz qıcıq verir, təxribatçı məqsədlər üçün də istifadə oluna bilər. İsgəndər Həmidova bu mitinqdə niyə söz verildi? Professor (!!!) Cəmil Həsənlinin təşviqat mitinqində İsgəndər Həmidova söz vermək çoxmu vacib idi? Adamın danışığına fikir verdinizmi? O nə idi?".
Azvision.az-ın məlumatına görə, bunlar REAL təşkilatının Məclis sədri Erkin Qədirliyə məxsus fikirlərdir. O, mitinqdən məyus ayrıldığını yazıb: "Nə isə, iradlarım çoxdur. Mitinqdən məyus ayrıldım. Çox zəif. Unutmayın, bu sizin şounuz deyil, professor Cəmil Həsənliin seçki təşviqatı məsələsidir. Onun yüksək səviyyəsinə uyğun olmalıdır. Gələcək planlardan, görüləcək işlərdən, ideoloji təməldən, komanda quruculuğundan danışmaq lazımdır. Bunların heç biri bugünkü mitinqdə olmadı. Mən Cəmil bəyə səsimi verəcəyəm, bunu özüm üçün vicdan məsələsi hesab edirəm. Amma işlərə ciddi yanaşılmalıdır. Siyasət mitinqlərdə müəyyən olunmur, amma mitinqlərin səviyyəsindən aparılan siyasi işin ciddiliyini görmək olur”.
İ.Qədirlinin tənqidi fikirlərinə AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov cavab verib: "Həqiqət budur: İlqar Məmmədov yaxşıdır, ətrafı pis. REAL-çılar İlqar bəyin məzlum durumundan sui-istifadə edib o kişinin imicini xərcləyirlər. Mən sabah onların pozucu əməlləri barədə İlqar bəyə məktub yazmağı düşünürəm”.
N.Cəfərli müsbət fikirlərini də yazıb: "Bir şeyə çox sevindim, mitinqdə yeni simalar, yeni tip insanlar, məhz bizim hədəfimiz - orta sinfin nümayəndələrini də görüm!”
N.Ədilovun "REAL opportunist ünsürlər yığınıdır. İndi statuslarını oxudum və bu mənə bəs elədi” yazdığı son statusundan sonra qarşılıqlı ittihamların hələ davam edəcəyi gözlənilir.
AXCP sədrinin müavini Asəf Quliyevin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda ortaya gəlmədən, kənarda dayanıb tənqid etmək, fərqli fikir söyləmək adət-ənənəyə çevrilib: "Mən bunu tək REAL üçün demirəm. Ümumən bizim belə mənfi xüsusiyyətimiz var. Sözsüz ki, mitinqdə çatışmayan məsələlər ola bilər. Ancaq bu mitinq son zamanlar keçirilən mitinqlərin ən yaxşısı idi. İstər əhval-ruhiyyə, istər hazırlanan təbliğat materiallarının, plakatların yerləşdirilməsi baxımından. Ancaq elə məsələlər var ki, onları daha yaxşı eləmək olardı. Sözsüz ki, mitinqi ideal formada hazırlamaq da asan məsələ deyil. Çalışacağıq ki, bundan sonrakı mitinqlər daha yaxşı olsun”.
Səslənən çıxışlara gəldikdə, A.Quliyev dedi ki, hər kəs özünə cavabdehdir: "Burada kiməsə demək olmaz ki, sən bu cür çıxış elə. Cəmiyyət məsələni bu cür qəbul etməlidir ki, hər kəs özünün siyasi mövqeyini, baxışını və səviyyəsini nümayiş etdirir”.