Prezident seçkisində Cəmil Həsənlinin namizədliyi ilə iştirak edən Milli Şura İctimai Televiziyadan ödənişli efir vaxtı almaq istəyir. Lakin İctimai Televiziya siyasi mövqeyini yenə nümayiş etdirərək hakimiyyətin əsas rəqibi olan namizədin ödənişli efir vaxtından istifadə etməsini şərait yaratmır.
Mia.az xəbər verir ki, bu haqda "Yeni Müsavat”a açıqlamasında Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Elman Fəttah məlumat verib. Elman Fəttah bildirib ki, o və namizədin vəkili Məcid Mərcanlı sentyabrın 23-də ödənişli efir vaxtı ayrılması üçün müqavilə bağlamaq məqsədilə İctimai Televiziyada olublar. Lakin iki saat onları qəbul edən olmayıb. Saat 16-dan 18-dək İTV-də gözləyiblər, ancaq müqavilə bağlayacaq kimsə tapılmayıb: "Bizə dedilər ki, kommersiya şöbəsinin müdiri yerində yoxdur. Bizi saat 18-dək gözlətdilər. Saat 18-də dedilər ki, iş vaxtı qurtardı, gedin sabah səhər gələrsiniz. Məcbur olub geri qayıtdıq”.
Elman Fəttah sentyabrın 24-də saat 12-də yenidən İTV-yə gəlib. Bu dəfə isə ona deyilib ki, müqavilə bağlamaq üçün vaxt artıq sentyabrın 23-də bitib: "Məni 1 saat gözlətdilər. Sonra isə Əliabbas adlı direktor müavini bizi qəbul etdi və dedi ki, ödənişli efir vaxtı üçün müqavilə bağlaya bilməzlər. Bildirdi ki, ödənişli efir vaxtı üçün son müraciət vaxtı sentyabrın 23-ü saat 18- qədər idi. Mən onun nəzərinə sentyabrın 23-də müqavilə bağlamaq üçün müraciət etdiyimizi və bizi iki saat gözlədib sonra iş vaxtının bitməsi bəhanəsi ilə geri qaytardıqlarını çatdırdım. Xeyiri olmadı, dedi ki, müqavilə bağlaya bilmərik”.