Milli Şuranın dünən keçirilən mitinqində bu qurumun üzvü İsgəndər Həmidov Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun və hakimiyyətin ünvanına təhqiramiz ifadələr işlədib. Buna cavab olaraq S.Novruzov KİV-ə açıqlamasında İ.Həmidova sərt cavab verib. İsgəndər Həmidovun çıxışını qardaşı Sərdar Həmidov da pisləyib. Müxalifət liderləri isə sabiq daxili işlər nazirinin ifadələrinə hələ münasibət bildirməyiblər. AXCP sədrinin müavini Asəf Quliyev yerli mediaya açıqlamasında tərəflər arasındakı münaqişəyə qarışmaq istəmədiyini desə də belə halların baş verməsini pisləyib: "Bu, İsgəndər Həmidovla Siyavuş Novruzovun öz arasında baş verən bir məsələdir. Mən bu barədə heç nə deyə bilmərəm. Hər halda belə halların baş verməsini yaxşı qarşılamıram. Kimliyindən asılı olmayaraq, başqasının şəxsiyyətini təhqir etmək düzgün deyil".
"İsgəndər Həmidova növbəti mitinqlərdə çıxış üçün söz veriləcəkmi" sualına isə Asəf Quliyev "Yəqin ki, yox" cavabını verib.