"Suriyada kimyəvi silahdan istifadə edənlər buna görə cavab verəcəklər". 

BMT baş katibi Ban Ki Mun qurumun müfəttişlərinin ötən ay Suriyada yüzlərlə insanın ölümünə səbəb olan kimyəvi silah hücumu barədə hesabatına münasibət bildirərkən deyib. O, suriyada bu silahdan istifadəni qınayıb və bunun hərbi cinayət olduğunu deyib: "Kim istifadə etmiş olursa olsun, bu, cinayətdir".

Onun sözlərinə görə, aparılan araşdırmalarda götürülən nümunələrin 85 faizində zarin qazı müəyyən edilib. Baş katib tərəfsiz hesabat hazırlandığını və əldə edilən nəticələrin insanı qəhərləndirdiyini deyib. "Bu Səddam Hüseynin Hələpçədə istifadə etdiyi kimyəvi silahlardan sonra ən ciddi hücumdur. Beynəlxalq toplumun kimyəvi silahlardan istifadənin qarşısını almaq məsuliyyəti var". 

Ban Ki Mun əsas vəzifələrinin Suriyada kimyəvi silahdan kimin istifadə etdiyini deyil, ümumiyyətlə bu silahdan istifadə edilib-edilmədiyini müəyyən etmək olduğunu qeyd edib.