Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) rəsmi şəkildə müraciət edib. Virtualaz.org-un məlumatına görə, qurumun Mitinq Komitəsi sentyabrın 22-də saat 16:00-dan 18:00-dək mitinq keçirməyə yer ayrılması üçün BŞİH-ə və Yasamal Rayon İcra Hakimiyyətinə müraciət göndərib.

Mitinq Komitəsinin sədri Asəf Quliyev bizə açıqlamasında bildirdi ki, rəsmi müraciət dünən edilib və artıq sürətlə hazırlıq işləri aparılır: "Aksiyanı Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istəyirik. Budəfəki mitinq tamamilə fərqli olacaq. Şüarlar, plakatlar hazırdır. Bu mitinq avqustun 18-də keçirilən mitinqdən fərqli olaraq, vahid namizədin seçicilərlə görüşünün təşkili xarakteri daşıyır”.

Qeyd edək ki, sentyabrın 22-də keçiriləcək mitinqin şüarı "Bəsdir!” olacaq.