Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
Diqqətə çatdırılıb ki, klinikada üç min kvadratmetr ərazidə xüsusi cihazlar və simulyasiya aparatları ilə təchiz olunmuş tədris mərkəzi yaradılıb. Bu tibb ocağında həm diaqnostik müayinələr aparılacaq, həm də endoskopik əməliyyatlar icra ediləcək. Qeyd olundu ki, orijinal memarlıq üslubunda inşa edilən 13 mərtəbəli binanın həyətində geniş abadlıq-quruculuq işləri aparılıb.
Klinikada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşüb. Universitetin rektoru Əhliman Əmiraslanov, kafedra müdiri Adilə Namazova, ikinci kurs tələbəsi Xatun Məmmədova Azərbaycanda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.