MİA nazirliyin saytına istinadən xəbər verir ki, təhsil naziri ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri əldə etdikləri uğurlara görə təbrik edərək, onların gələcəkdə yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləyib. Abituriyentlərin belə möhtəşəm nailiyyət qazanmasında təhsil aldıqları məktəblərin, müəllimlərin mühüm rolunu qeyd edən nazir xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirib.
Abituriyentlər təhsil aldıqları məktəblər, müəllimləri və valideynləri haqqında təhsil nazirinə məlumat vermiş, göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib. Övladlarının əldə etdiyi yüksək uğurlara görə qürur hissi keçirdiklərini söyləyən valideynlər onların seçdikləri ixtisaslara dərindən yiyələnəcəklərinə əminliklərini ifadə edib.
Görüşün sonunda ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunub.