Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşü haqda "Kievskaya Xronika" qəzetinin yaydığı senasion məlumata reaksiya verib.
Mia.az xəbər verir ki, Modern.az saytına açıqlamasında eks-spiker belə bir görüş keçirmədiyini deyib.
"Rusiya Federasiyasının səfiri və ya liderləri ilə görüşməkdə heç bir qəbahət yoxdur, əksinə zəruridir. Azərbaycandan demək olar ki, 20 dəfə çox əhalisi, büdcəsi, istehsalı olan və ən böyük sərhədə malik ölkəni iqnor etmək üçün gərək tamamlanmış əbləh olasan. Ancaq təəssüf ki, yazı yalandır və səfir Kislyakovla və başqaları ilə bu yaxınlarda görüşməmişəm və Lavrova da heç bir məktub yazmamışam. Əgər görüşsəydim heç vaxt "məni müdafiə edin və mən də sizin üçün bu işləri görəcəyəm” kimi alçaldıcı təkliflər heç vaxt etməzdim. Yeganə totalitar rejimi dəstəkləməyin perspektivası yoxdur, Rusiyanın dostu ancaq demokratik yolla seçilmişlər ola bilər. Azərbaycan xalqının yanında olun deyərdim”-deyə açıqlama verib.