Məlumatda bildirilir ki, bölmə rəisi N.Qaraçuxurlunu həbs etmək fikrindəymiş. Lakin xalq artisti İlhamə Quliyevanın polis bölməsinə gəlməsi, həbsin qarşısını alıb.
Mənbə bildirir ki, İlhamə xanımdan öncə bir çox tanınmış sənət adamları rəisdən xahiş edib, lakin onların sözü eşidilməyib. Ancaq primadonna isə meyxanaçının "əfv” olunmasına nail olub. Mənbə iddia edir ki, gecəikən xalq artisti N.Qaraçuxurlunun arxasınca 16-cı polis bölməsinə gəlib.
Bayram günü olduğu üçün məlumatı hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmadı.
Əslində, xəbərin polis və meyxanaçı tərəfindən təsdiq edilməsi inandırıcı deyil. Çünki meyxanaçının suçlu bilindiyi cinayətə rəğmən, onun sərbəst buraxılması qanun pozuntusudur. Onu da söyləyək ki, meyxanaçının hansı səbəbdən saxlanılması bizə bəllidir, bəzi məsələləri tam dəqiqləşdirdikdən sonra hadisənin detallarını da təqdim edəcəyik.
***
Milli.Az-a açıqlama verən Namiq Qaraçuxurlunun prodüseri Ataş Hüseynov meyxanaçının 15 gün bundan əvvəl həbs olunması ilə yayılan xəbəri təkzib edib:
"Yazıblar ki, hadisə 2 həftə bundan əvvəl baş verib. Və heç bir tutarlı fakt ortaya qoyulmayıb. Hansı instansiyaya lazımdırsa, müraciət edib, xəbəri yayanların cəzalandırılmasına çalışacağıq. Namiq hələ də bu söz-söhbətdən xəbərsizdir. Bu, ancaq bizim düşmənlərimizin işi ola bilər. Özü də fikir verin, xəbərdə vurğulanır ki, bayram günü olduğu üçün məlumatı hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmadı. Görün özlərini necə sığortalayırlar. Qoy sübut etsinlər. Onsuz da fakt üzə çıxara bilməyəcəklər, çünki belə bir hadisə baş verməyib.
Elə də uzaq olmayan keçmişdə Namiq boğazından əməliyyat keçirmişdi. O vaxt da şayiə yayılmışdı. Söhbətin sonuna qədər gedib kimin yazdığını dəqiqləşdirdik. Redaksiyadan dedilər ki, eşitdiyimizi yazmışdıq.
Başa düşmürəm, biz də gündə yüz adamdan min cür xəbər eşidirik. Namiqin guya polisə aparılmasını yayanlar məqsədli şəkildə bizə zərbə vurmaq istəyiblər.
Unudurlar ki, zərbəyə zərbə ilə cavab alacaqlar. Biz qanunlarla idarə olunan suveren dövlətdə yaşayırıq.
Şər atan insanlar elə qanunlarla cəzalandırılacaqlar. Yazıda göstərilən polis bölməsinə də müraciətimiz olacaq.
Yalan məlumatda adı hallanan bölmə əməkdaşları da mütləq şəkildə təkzib edəcəklər ki, xəbər kökündən yanlışdır.
Kimin sifarişi ilə Namiq Qaraçuxurlu şərlənir? Bunu tez bir zamanda üzə çıxarmağa çalışacağıq. Oxucularınız da onların kim olduqlarını biləcəklər".