Mia.az-a daxil olan bəyanatda deyilir:
"Bakı şəhəri Nəsimi rayon məhkəməsindən Müsavat Partiysı Gənclər Təşkilatının sədri və Divan üzvü Tural Abbaslının ünvanına onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol ünvanlanıb. Bu gün dəvətə əsasən Nəsimi rayon məhkəməsinin icra şöbəsinə gedən Tural Abbaslıya məlum olub ki, onun barəsində əvvəllər məhkəmə tərəfindən qəbul olunan 220 saat ictimai iş növündə inzibati tənbehin yerinə yetirilməməsi haqqında 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəhbərliyi tərəfindən faktlara söykənməyən məktub daxil olub. Belə ki, T.Abbaslı məhkəmənin qərarına əsasən 41 saylı MKİS-də olmuş, ondan qanuni tələb olunan işləri yerinə yetirib. Qanuna uyğun olmayan tələblərin yerinə yetirilməsindən qanuni şəkildə imtina edib.
Məhkəmənin T.Abbaslının dinləmədən bu günə növbəti iclasının təyin edilməsi də qanuna uyğun deyildir. Məhkəmənin vaxtı və ümumiyyətlə, məhkəmə olacağı barədə T.Abbaslının xəbəri olmadığından, o, özünün inandığı vəkilsiz məhkəmə keçirilməsinin qanunsuz olduğunu bildirib. T.Abbaslının təkidi nəticəsində Nəsimi rayon məhkəməsinin bu işlə bağlı iclası təxirə salınıb və sabah – 07 avqust 2013-ci il tarixinə saat 11.45-ə təyin edilib.
Məhkəmənin MKİS-in qanuni faktlara söykənməyən məktubu əsasında T.Abbaslı barəsində iclasının tələsik keçirilməsində məqsəd T.Abbaslını siyasi fəaliyyətdən kənarlaşdırmaq və seçki kampaniyası dövründə onu cəmiyyətdən təcrid etməyə yönələn addımdır.
Müsavat Partiyası partiyanın Gənclər Təşkilatının sədri, Divan üzvü T.Abbaslıya qarşı hakimiyyətin təzyiqlərinin siyasi sifariş olduğunu bəyan edir və bu cür qanun pozuntularına son qoyulmasını və qanunu kobudcasına pozan şəxslərin cəzalandırılmasını tələb edir.
Seçki ilində əsassız olaraq həbs edilmiş siyasi məhbusları azad etmək əvəzinə onların sayını daha da artırmaq hakimiyyətə fayda gətirməyəcək".