Səhiyyə Nazirliyinin Xəzər rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə
və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı şikayəti ilə bağlı növbəti məhkəmə qərarı
da açıqlanıb.
Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, Bakı
Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə nazirliyin
adıçəkilən dövlət qurumlarına qarşı şikayətinə avqustun 1-də baxılıb: «Hakim
Nurəddin Mustafayev həmin günü birinci məhkəmə instansiyasının qərarını qüvvədə
saxlayıb. Bununla da Səhiyyə Nazirliyinin, daha dəqiqi, bu nazirliyin Tikilməkdə
olan Müəssisələrin Müdiriyyəti adlı qurumunun icra başçısı Gülağa İslamovun
sərəncamını ləğv etdirmək istəyinə növbəti dəfə «yox» deyilib».
Xatırladaq ki, Səhiyyə Nazirliyi Tikilməkdə olan Müəssisələrin Müdiriyyəti
adlı qurumu Xəzər rayonu ərazisində səhiyyə müəssisəsinin ərazisinin müəyyən
hissəsinin satılmasından narazıdır. Nazirlik həmin daşınmaz əmlakın fiziki
şəxsə satılmasını rəsmiləşdirən Gülağa İslamovun sərəncamı ilə yanaşı, həmin sərəncamdan
irəli gələn prosedurları həyata keçirən Bakı şəhər İcra Hakimiyyəti və Əmlak
Məsələləri Dövlət Komitəsi, həmçinin, bu daşınmaz əmlakın sahibi olan Talıbov
Əhməd Faiq oğluna qarşı da iddia qaldırmışdı. Amma göründüyü kimi, Bakı
Apellyasiya Məhkəməsi də nazirliyin rayon
İcra Hakimiyyətinin 01.11.1999-cu il tarixli 1012 saylı sərəncamının etibarsız
sayılmasını tələbini təmin etmədi.
Məsələ ilə bağlı tərəflərin hər birinin mövqeyini dərc etməyə
hazırıq.