Avqustun 1-də səhər saatlarında Kürdəmir rayon mərkəzi bazarında bir qrup sahibkar etiraz aksiyası keçirib. Mağaza sahiblərinin etirazına səbəb bazar rəhbərliyinin aylıq yer haqqını 3 dəfə artırmasıdır.

Hüquq müdafiəçisi Lətafət Məlikovanın musavat.com-a verdiyi məlumata görə, mərkəzi bazarın sahibi deputat Fərhad Qəribovun oğludur. Aldığımız məlumata görə, etiraz edənlər dəmir yolunu bağlamağa cəhd etsə də, polis qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb.

Polislə qarşıdurma olub. Aksiyaçılar arasında xəsarət alanların olduğu bildirilir.

L.Məlikova bildirib ki, aksiya hələ davam edir.

10:52
Aldığımız son məlumata görə aksiyaya daha 300 nəfər qoşulub. Etirazçılar Kürdəmir rayonu ərazisindən keçən dəmir yolunu bağlayıblar.

İrəliləyən dəqiqələrdə əlavə məlumat verəcəyik.

12:01
Musavat.com-un verdiyi son məlumata görə aksiya hələ də davam edir. Artıq polis 4 nəfəri saxlayaraq polis bölməsinə aparıb. Bunlar Baha Mikayılov, Vuqar Yunusov, Ramil Mahmudov və Lətafət Məlikovadır. Bu barədə musavat.com-a Lətafət Məlikovanın özü məlumat verib. Onun sözlərinə görə, polis onlara qarşı zor tətbiq edib.