Açıq Cəmiyyət Partiyasını lideri Rəsul Quliyev bu gün Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya dönüşü ilə bağlı sensasiyalı müraciət yayıb. ACP lideri elan edib ki, ayın 31-də Rüstəm İbrahimbəyovu həbs edəcəklər, Milli Şura bunun qarşısını almalıdır.
Müraciətdə qeyd olunur ki, Azərbaycanda heç vaxt güclü rəqib (?) seçkilərə buraxılmayıb.
ACP lideri hesab edir ki, guya hakimiyyətin qorxduğu yeganə şəxs R.İbrahimbəyovdur: "O camaat arasında populyardır, xarici ölkələrin incəsənət adamları və son 3-4 ayda siyasətçiləri tərəfindən qəbul olunmuş şəxsdir. Bunun nəticəsidir ki, ABŞ konqresmənləri bu yaxınlarda Azərbaycanda olarkən prezidentlə görüşlərində ilk məsələ olaraq onun Azərbaycana gəlib seçkidə namizəd kimi iştirak etməsinə şəraitin yaradılması tələbini irəli sürüblər. O, 31 iyulda Bakıya gələrsə onu qarşılamağa gedənləri amansızcasına dağıtmaq, kimlərisə həbs etmək komandası artıq verilib. Bunun üçün inandıqları xüsusi polis dəstələrində 2 mindən artıq komandos yaradılıb. R.İbrahimbəyovu isə aeroportda həbs edib 2 gün ərzində açılmış ``cinayət`` işi ilə əlaqədar həbsxanadan buraxmamaq istəyirlər. Düşünürəm ki, R. İbrahimbəyov Bakıya gəlməmişdən öncə hansı isə bir ölkədə Milli Şuranın bir sıra üzvüləri ilə görüşməli və dərindən müzakirə etməlidir. Gərək bütün qüvvələri Rüstəm İbrahimbəyovun həbs edilməməsi üçün səfərbər edək. Məqsəd bir olmalıdır; ya R.İbrahimbəyov seçkilərdə iştirak edəcək, ya da seçkilərin keçrilməsinə imkan verməyəcəyik. R.İbrahimbəyovun xalqdan təcrid edilməsi ölümə bərabər bir şeydir, biz buna yol verə bilmərik".
Müraciətin sonunda qeyd olunur.
1.R.İbrahimbəyov hökmən prezident seçkisinin namizədi olmalıdır, hamı bir nəfər kimi çalışmalıdır.
2.R. İbrahimbəyov onun müdafiəsini real təşkil etdikdən sonra Bakıya gəlməlidir.
3. Bunun üçün onun Milli Şuranın bir sıra üzvüləri ilə görüşüb real vəziyyəti müzakirə etməsi zəruridir.
4. Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa ümumiyyətlə prezident seçkilərinin keçrilməsinə imkan verməməliyik.