Müğənni
Rəqsanə İsmayılovanın «Dəmirbank»la məhkəmə çəkişməsinə ötən həftə son qoyulacağı
gözlənilsə də, hakim yenə də qərarını açıqlamayıb.
Bu
barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, hazırda Bakı Apellyasiya
Məhkəməsində bu mülki iş üzrə sədrlik edən hakim Xəqani Məmmədov prosesi yenidən təxirə salıb:
«Hakim növbəti prosesi avqustun 14-nə təyin edib. Həmin prosesdə isə «Dəmirbank»ın
ilkin, Rəqsanə və yaxınlarının isə qarşılıqlı iddiaları üzrə qərar açıqlanacağı
gözlənilir».
Xatırladaq
ki, müğənni ilə «Dəmirbank»ın arasında 73625 dollar vəsaitin ödənilməməsi ilə
bağlı mübahisə var. Buna görə bank müğənni və ona zamin duran şəxsləri bu
vəsaitə görə məhkəməyə verib.
Məlumata
görə, Rəqsanəyə qarşı qaldırılmış iddiaya Nizami rayon Məhkəməsində baxılıb. Həmin
məhkəmə instansiyasında "Dəmirbank” ASC-nin Rəqsanə İsmayılova başda olmaqla, ona
zamin duran şəxslər - Bəxtiyar Vəliyev, Sürayyə Vəliyeva, Raminə Vəliyeva və
Ruhin Vəliyevə qarşı 73625 ABŞ dolları məbləğində borcun ödənilməsi haqda iddia
qaldırıb. Bank bununla yetməyib, Rəqsanənin və zamin duran şəxslərin borcun qarşılığında
müsadirə edilməsini də tələb edir. Yəni borcun ipoteka predmetinə yönəldilməsini
istəyir.
Yeri gəlmişkən,
onu da qeyd edək ki, prosesə sədrlik edən X.Məmmədov Ali Məhkəməyə hakim təyin edilib.
O, avqust ayından həmin məhkəmədə işə başlamalıdır.
Bu isə Rəqsanə ilə bağlı məhkəmənin başqa hakimin sədrliyi ilə davam etdiriləcəyindən xəbər verir.
Məsələ
ilə bağlı qarşı tərəflərin mövqeyini də dərc edə bilərik.