Gürücstanın Mestia rayonunda son günlər davam edən aramsız yağışlar Nenskra və Mestiaçala çaylarında daşqına səbəb olub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, nəticədə "Mestiaçala SES 1”-in binasını su basıb, körpü və bir neçə obyekt dağılıb.

Daşqın infrastruktura, su boruları və avtomobillərə ciddi ziyan vurub. Mestia rayon əhalisinin 60%-i susuz qalıb. Sakinlər rayonda bu cür genişmiqyaslı fəlakətin ilk dəfədir baş verdiyini bildiriblər.

Təbiət hadisəsi zamanı xəsarət alan olmayıb.

Fəlakət zonasına fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumların nümayəndələri cəlb olunub.