"Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr gələcəkdə iqlim və innovasiyalar sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət ayırmalıdırlar”.
Bu barədə Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak Batumidə keçirilən "Şərq tərəfdaşlığı” üzrə Birinci İnvestisiya Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, iqlim Avropa və bölgə üçün olduqca əhəmiyyətli məsələdir: "Şərq tərəfdaşlığı” ölkələri iqlim komponenti olan layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməlidirlər”.
V.Hudak qeyd edib ki, innovasiya sahəsi Aİ-nin "Şərq tərəfdaşlığı” üzrə tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına dəstək ola bilər: "Avropa İttifaqı bu sahəyə xüsusi önəm verir. Çin və digər iri ölkələrə rəqabət aparmaq üçün innovasiyaların inkişafı olduqca önəmlidir”.
AİB-in vitse-prezidenti deyib ki, ölkə iqtisadiyyatlarının rəqabətə davamlı və innovativ olması üçün insan kapitalına daha çox investisiya yatırılmalıdır/Report.