"Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir".
TASS xəbər verir ki, bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
"Bildiyiniz kimi, son vaxtlar KTMT-də qızğın müzakirələr gedir. Bəli, bu müzakirələrin hədəfi üzv ölkələrin bir-birinə qarşı hansı öhdəliklər daşıdığına aydınlıq gətirməkdir. Biz kimə bel bağlayıb-bağlamayacağımızı, nəhayət, ayırd etməliyik”, – o, vurğulayıb.
N.Paşinyan deyib ki, "Müqaviləyə əsasən Ermənistanın müttəfiqi sayılan bəzi ölkələrin bizə o qədər də dost olmayan qonşumuza silah satmaları bir qədər müəmmalıdır... Bu məsələni müttəfiqlərimizlə müzakirə etməyi səmimi qəlbdən istərdik”/Report
Xatırladaq ki, son vaxtlar Ermənistan iqtidarı Azərbaycanla Belarusun yüksələn strateji müttəfiqliyindən ciddi narahat olmağa başlayıb. Bu narahatlıq Azərbaycan prezidentinin Minskə son səfərindən sonra pik həddə çatıb.