Bu barədə Mia.az-a verilən məlumata görə, görüşdə Misir tərəfindən Şura Məclisinin birinci müavini Mahmud Əhməd Şərif, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, dini işlər üzrə komitə sədri Usama Məhəmməd Həsən Əl-Əbd və deputat Şukri Seyh Əhməd Cundi, Azərbaycan tərəfindən isə Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Gövhər Baxşəliyeva və qrupun üzvləri, deputatlar Sevinc Hüseynova və İlham Məmmədov iştirak edirdilər.
Görüşdə ölkələrimiz arasında tarixən formalaşmış mədəni, dini, humanitar oxşarlıq və əlaqələrdən söhbət açıldı, Azərbaycan-Misir qarşılıqlı əməkdaşlıq münasibətləri və onların gələcək inkişaf perspektivləri müzakirə edildi. Xüsusi diqqət Azərbaycan-Misir və Misir-Azərbaycan parlamentlərarası əlaqələrinə və qanunvericilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinə yetirildi. Daha yaxından tanış olmaq və əməkdaşlıq etmək məqsədilə hər iki dostluq qrupunun üzvlərinin qarşılıqlı səfərlərinin vacibliyindən danışıldı. Sonda Misir nümayəndə heyətinin sədri Mahmud Əhməd Şərif Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri Gövhər Baxşəliyevaya Misir Parlamentinin 150 illiyinə həsr olunmuş xatirə medalı təqdim etdi. Azərbaycan tərəfi isə misirli həmkarlarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında AMEA Şərqşünaslıq İnstitutunda ərəb dilində hazırlanmış və institut tərəfindən nəşr edilmiş kitab bağışladı.