Xalq artistləri arasında yaşanan qalmaqalların sayı artmaqda davam edir.
Bu mötəbər ada layiq görülən sənət adamları bir-birlərini hətta
efirdən, KİV səhifələrindən nalayiq ifadələrlə təhqir etməkdən çəkinmir,
tamaşaçılara, adını daşıdıqları xalqa belə hörmət etmirlər. Bütün
bunlar azmış kimi, onları bu hərəkətləri etməkdən çəkinmməyə, tamaşaçıya
hörmət etməyə çağıranları da şantaj etməyə başlayıblar. ATV-nin canlı
efirindən Nazpəri Dostəliyevaya xitabən "mən yemirəm, yedizdirirəm” deyə
səsləndirdiyi nalayiq ifadə ilə gündəmə gələn İlhamə Quliyeva bu sırada
lap rekord qırıb. Onun bu ifadəsinə mətbuat vasitəsilə etirazını
bildirən millət vəkili Çingiz Qənizadəni şantaj edərək onun barəsində
prezidentə müraciət edəcəyini deyib. "Mən Çingiz Qənizadə adlı deputat
tanımıram. Mənim titulum ondan yüksəkdir. Əgər o, bir də mənim şərəf və
ləyaqətimə toxunsa, ölkə prezidentinə müraciət edəcəm ki, bu barədə ölçü
götürsün. O, ağlını başına yığsın, öz işi ilə məşğul olsun”.
İ.Quliyevanın
bu açıqlamasına cəmiyyətdən kifayət qədər təpki gəldi. Parlamentin 10-a
yaxın deputatı məsələyə münasibət bildirərək həmkarlarının haqlı
olduğunu bildirdilər və onun müdafiəsinə qalxdılar. Məsələ ondadır ki,
xalq artistinin danışıqları, hərəkətləri öz həmkarları tərəfindən də
tənqid edilir, etirazla qarşılanır.
Alim Qasımov: "Müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır”
Dünya
şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovun sözlərinə görə,
müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan
olmalıdır: "Sənətçi titulları ilə deyil, əməyi, zəhməti ilə
tanınmalıdır. Özünüz bilirsiniz ki, mən qalmaqaldan, şoudan uzaq adamam.
Mən Ramazan ayına hazırlaşıram və hər kəsi də bu müqəddəs ayda
pisliklərdən uzaq olmağa çağırıram. Mənim üçün mənəviyyat hər şeydən
üstdə dayanır. Kim kimi təhqir edir, aşağılayır, özü və Allahı bilsin.
İstər müğənni, istər siyasətçi, istərsə də jurnalist öz hərəkətləri ilə,
əməlləri ilə cəmiyyət üçün nümunə olmalıdır. Qoy hər kəs mənim
dediklərimdən öz payını götürsün. Sənətdən başqa bütün digər şeylərlə
gündəmə gələn müğənnilər öz əməllərinin cavabını verəcəklər. Əgər
cəmiyyətdə o adamların barəsində yaxşı fikir yoxdursa, titulların nə
mənası var?”
Rasim Balayev: "xalq artisti millət vəkilinin də üzərinə hücum çəkirsə bu qudurğanlığın göstəricisidir”
Xalq
artisti, Azərbaycanın sevimli aktyoru Rasim Balayev hesab edir ki,
günah səviyyəsi olmayanlara titul verib şişirdənlərdədir: "Biz onları
göyə qaldırmışıq və indi də cəzasını çəkirik. Yaltaqlıq edənlər başa
çəkilir, sonda xalqa üstən aşağı baxırlar. Normal adam təhqirə yol
verməz. Hazırda mən müalicə olunuram və dırnaqarası xalq artistlərindən
danışdıqca səhhətim daha da pisləşir. Əgər xalq artisti millət vəkilinin
də üzərinə hücum çəkirsə bu qudurğanlığın göstəricisidir. Hər kəs öz
həddini bilməlidir. Belə adamlara xəbər göndərilməlidir ki, qələt edib
yerində otur. O da oturacaq. Qadın müğənni ümumiyyətlə özünə hörmət edən
insan "mən yemirəm, yedizdirirəm” ifadəsini işlətməməlidir. Bu ifadəni
işlədən adamın əxlaqı yerində deyil”.
Nailə Mirməmmədli: "Bəzilərinin nə sənəti var, nə də əxlaqı”
Gözəl
bəstəkar, əməkdar xalq artisti Nailə Mirməmmədli bəzi müğənnilərin,
sənət adamlarının hərəkətinə görə xəcalət çəkdiyini bildirdi: "Onların
arzuolunmaz əməllərinin zərbəsi biz bəstəkarlara da dəyir. Konsert, gecə
təşkil edirsən, deyir "filankəs oxuyacaqsa, mən oxumayacağam”.
Müğənnilərin arasındakı problemdən biz, cəmiyyət niyə zərər çəkməlidir?
Bəzən deyirlər ki, "Xalq artisti” və digər titulların geri alınması
proseduru hazırlansın. Gör vəziyyəti hansı həddə çatdırıblar ki, millət
vəkilləri bu təkliflə çıxış etmək məcburiyyətində qalıblar. Müğənnilər
xalq artisti və digər titullardan istifadə edib çərçivəni
aşmamalıdırlar. Xalq artistləri əxlaqları ilə cəmiyyətə nümunə
olmalıdırlar. Bəzilərinin sənəti var, əxlaqı yerində deyil, bəzilərində
isə ikisi də yoxdur”.
Nüfuzlu sənətkarlar İlhamə Quliyevaya qarşı qalxdı - qarşıdurma
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47