?Bakı Şampan Şərabları? ASC ilə zavodun keçmiş əməkdaşı və bir çox ixtiraların sahibi Xankişi Abuzər oğlu Qasımovun uzun illər işlədiyi zavoda qarşı iddiaları yenə də təmin olunmayıb. Bu barədə mia.az ?Reytinq? qəzetinə istinadən xəbər verir ki, bir çox ideya və ixtiraların müəllifi olan Xankişi Qasımov ?Bakı Şampan Şərabları? ASC-ni məhkəməyə verərək, hələ zavod ASC-yə çevrilməmişdən əvvəl bağlanmış müqaviləyə əməl olunmasını tələb edib. O, zavoddan modelləşmə müəllifi olduğu xarici avadanlıqların istifadəsi üçün müqaviləyə əsasən cədvəl üzrə ona ödənilməli olan vəsaiti tələb eləyib. Lakin zavod ASC-yə çevrildikdən, yəni özəlləşdirildikdən sonra rəhbərlik ona pul ödəməkdən yayınıb. İşə Nərimanov Rayon Məhkəməsi baxıb və ixtiraçının ərizəsi təmin olunmayıb: ?Martın 13-də isə Nərimanov rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Həmin günü Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmaləddin Bədəlov birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, ixtiraçının növbəti məhkəmə instansiyasında da iddiası təmin olunmayıb?. Şikayətçinin bu qərardan Ali Məhkəməyə şikayət edib-etməyəcəyi hələlik bilinmir. Məhkəmə mübahisəsi ilə bağlı tərəflərin hər birinə mövqeyini dərc etməyə hazırıq.