Müsavat Partiyasının başqanı İsa Qəmbərin partiyanın qərargahında yerləşən iş otağının dinlənilməsi xəbəri yayılandan sonra partiya rəhbərliyinin tapşırığı əsasında araşdırma başlanıb. Bu gün qərargahın bir neçə nümayəndəsi cihazların quraşdırıldığı ehtimal olunan otağa baxış keçirmək istəyiblər. Binanın 1-ci mərtəbəsindəki gözətçi qərargahın nümayəndələrinə bildirib ki, üçüncü mərtəbənin qapısı bağlıdır. Gözətçi, həmçinin bildirib ki, İsa Qəmbərin otağının üstündəki otaqda ?Gilan holdinq"inin (Bu holdinqin nazir Kəmaləddi Heydərova məxsus olduğu bəllidir-redak.) nümayəndəsi oturur. Qeyd edək ki, Müsavat Partiyasının qərargahı vaxtilə Evtikmə Kombinatına məxsus olan binanın birinci və ikinci mərtəbəsində yerləşir. Sözügedən bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır. Xüsusi dinləmə qurğusunun isə əsasən Müsavat başqanı İsa Qəmbərin ikinci mərtəbədə yerləşən kabinetinin üstündəki otağa yerləşdirildiyi bildirilir. İctimai Palatanın Koordinasiya Şurasının iclasları, Müsavat Divanının toplantıları, müxalifət liderləri arasındakı danışıqlar, beynəlxalq təşkilatların nümayəndələri və səfirlərlə görüşlər əsasən İsa Qəmbərin otağında keçirilir.