20 Yanvar hadisələrinin 23-ci ildönümü ilə əlaqədar Demokratik Qüvvələrin Məşvərət Məclisinə (DQMM) daxil olan partiyalar Şəhidlər Xiyabanını ziyarət edib. AMİP mətbuat xidmətindən daxil olan məlumata görə, izdihamlı kalonun önündə partiya rəhbərləri gedib. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olan qəhramanlarımızın məzarı üstünə qərənfillər düzüb, əklillər qoyulub. Amma təəssüflər olsun ki, ziyarətdə iştirak edənlər xoşagəlməz halın şahidi olublar. Belə ki, Məşvərət Məcisinin, AMİP-in, ACP-nin Şəhidlərin xatirəsinə gətirdiyi əklillərin üzərində olan və əklilin kim tərəfindən gətirildiyini əks etdirən lentlər əklillərin üzərindən dərhal götürülüb. Buna etiraz edənlərə isə onlara belə tapşırıq verildiyini deyiblər. Şəhidlərimizin ziyarəti zamanı belə üsullardan istifadə olunması mərasimin təşkilatçılarına baş ucalığı gətirmir. Bu addıma rəvac verənlər bilməlidirlər ki, 20 yanvar Ümummilli Hüzn günüdür. Bu gündə ayrı-seçkiliyə yol vermək Şəhidlərimizin xatirəsinə hörmətsizlikdir.