Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bu gün Koreyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ço Şu-inni partiyanın mənzil qərargahında qəbul edib. YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Koreya arasında iqtisadi və siyasi əlaqələrin mövcud durumu və inkişaf perspektivlərindən bəhs edilib. Tərəflər hər iki ölkənin bu cür qarşılıqlı əlaqələrdən fayda gördüyünü qeyd edib. Yeni səfir görüşdə qeyd edib ki, iki ölkə arasındakı mövcud münasibətləri daha da inkişaf etdirmək və qarşılıqlı əməkdaşlığı intensivləşdirmək üçün əlindən gələni əsirgəməyəcək. Daha sonra görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşdə YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.