Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ABŞ-ın Azərbaycanda fəaliyyətə başlayan yeni səfiri Riçard Morninqstarla görüşüb. Görüşdə Azərbaycanda mövcud olan ictimai-siyasi durum, ABŞ-Azərbaycan münasibətlərinin indiki vəziyyəti və perspektivi, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Müzakirələr zamanı 2005-ci ildən sonra ABŞ-ı Azərbaycanda təmsil etmiş diplomatlar Enn Dörsi ilə Metyu Brayzanın ölkənin siyasi partiya rəhbərləri ilə təmaslardan yayındıqları xatırladılıb və R.Morninqstarın səfir statusunda fəaliyyətə başladığı ilk günlərdən ölkədaxili proseslərə yaxından diqqət göstərməsi, mövcud siyasi qüvvələrə münasibətdə eyni məsafə saxlaması təqdiredici hal kimi önə çəkilib. Görüşün yekununda mühüm məsələlərin müzakirəsi məqsədi ilə belə təmasların mütəmadi xarakter almasının vacibliyi vurğulanıb.