İctimai Palatanın Ağdam Rayon Təşkilatı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası əsasında Bakı şəhər prokurorluğunda Milli Azadlıq Hərəkatının ölümsüz lideri, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi ilə bağlı başlatdığı cinayət işini demokratik qüvvələrə təzyiq hesab edir və bunu qətiyyətlə pisləyir. Bu fikirlər İP Ağdam rayon təşkilatının MİA-ya daxil olmuş bəyanatında əksini tapıb. Bəyanat müəllifləri Azərbaycan hakimiyyətini müxalifətin liderlərindən biri olan Əli Kərimliyə qarşı aparılan təzyiq kompaniyasını da pisləyir və buna son qoyulmasını tələb edirlər. İP Ağdam rayon təşkilatı Azərbaycan hakimiyyətini müxalif və müstəqil fikirli insanlara qarşı repressiya siyasətinə son qoymağa çağırır. Ağdamlılar Azərbaycan hakimiyyətini iqtidar kimi məsuliyyətini dərk edib cəbhəyanı ərazilərdə yaşayanların təhlükəsizliyi üçün daha effektli addımlar atmağı tələb edirlər.