Göstərdiyi şücaətlə bir çox gənclərdə vətənpərvərlik hissini alovlandıran Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından artıq 2 il ötüb. Milli Qəhrəmanın xatirəsi II Fəxri Xiyabanda məzarı başında anılıb. Milli Qəhrəmanın məzarını ziyarət edənlər arasında onun yaxınları ilə yanaşı sadə vətəndaşlar da olub. Onlar Mübariz İbrahimovun qəhrəmanlığının hər kəsə örnək olduğunu bildiriblər. Yaxınları isə Mübarizin cismən yoxluğuna kədərlənsələr də, onun xalqın qəlbində yaşaması ilə fəxr edirlər. Xatırladaq ki, Mübariz İbrahimov 2010 cu ilin iyun ayının 18- dən 19- a keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə bir neçə erməni hərbçisini öldürərək özü də həlak olub. 2010-cu ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi fədakarlıq, döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlıq və Azərbaycan xalqının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə görə, Mübariz İbrahimovu ?İlin adamı? elan edib.