Ukrayna və Polşada keçirilən Avropa çempionatı davam edir. ?Ölüm qrupu? adlandırılan B qrupunda bir-birindən maraqlı iki qarşılaşmadan biri baş tutub. Meydana Danimarka və Portuqaliya yığmaları çıxıb. Xatırladaq ki, Danimarka bu oyunda qələbə qazanmaqla adını 1/4 finala yazdıracaqdı. Heç-heçə komandanın mərhələ şansını artıracaqdı. Kriştiano Ronaldonun komandası üçün isə qələbə qazanmaqdan başqa yol yox idi. Əks halda, onlar Avropa çempionatı ilə vidalaşmalı olacaqdılar. Portuqaliya gözlənilən nəticəni qazana bildi. Hesabı 24-ü dəqiqədə Pepe açdı, 12 dəqiqə sonra Helder Poştiqa fərqi iki topa çatdırdı. Bundan sonra özünə gələn Danimarka 41-ci dəqiqədə Niklas Bendtnerlə fərqi azaltdı. Hücumlarını davam etdirən danimarkalılar 80-ci dəqiqədə bərabərliyi də təmin etdi. Bu dəfə Bendtner fərqləndi. Lakin başqa yolu qalmayan Portuqaliya irəli atıldı və 87-ci dəqiqədə Silvestr Varelanın qolu onları sevindirdi.