Bu ilin mart ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,7% ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,2% bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə dəyişməz qalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,3%, kələmin 24,4%, kartofun 0,3%, yoncanın istehsalçı qiymətləri 1,1% bahalaşıb, göyərtilərin istehsalçı qiymətləri 8,1%, xiyarın 14,5%, baş soğanın istehsalçı qiymətləri isə 0,6% ucuzlaşıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,2%, fındığın 1,4%, şabalıdın 4,9%, qozun istehsalçı qiymətləri 0,7% bahalaşıb, limonun istehsalçı qiymətləri isə 6,1% ucuzlaşıb. ?Diri heyvanlar və heyvandarlıq məhsullarından 1 yaşdan 2 yaşadək olan dişi dananın istehsalçı qiymətləri 0,6%, inək südünün 2,2%, camış südünün 0,8%, 1 yaşadək quzunun 0,8%, cavan hind toyuğunun 16,8%, mal və qoyun ətlərinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,8% və 0,3% bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində 1 yaşdan 2 yaşadək olan erkək dananın istehsalçı qiymətləri 1,3%, camışın 2,3%, 1 yaşdan yuxarı şişəyin 3,3%, yumurtanın 0,4%, quş və donuz ətlərinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 2,9% və 1,6% ucuzlaşıb?, - deyə Komitədən bildirilib. Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 2,1% bahalaşma müşahidə olunub.