Martın 14-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Gülalıyev, Azərbaycan Liveral Partiyasının (ALP) sədri Əvəz Temirxan və VİP sədri Əli Əliyev arasında görüş keçirilib. Görüşdə ölkədəki ümumi siyasi vəziyyət, üç partiyanın birgə fəaliyyət istiqamətləri və cari məsələlər müzakirə olunub. Ölkədəki mövcud siyasi durumunda əsaslı dəyişikliklərin baş vermədiyini önə çəkən AYP, ALP və VİP sədrləri hakimiyyəti növbəti dəfə ləngimədən real islahatlara başlamağa çağırıblar. Bu çərçivədə hakimiyyət nümayəndələrinin müxalifətlə dialoqun mümkünlüyü haqda bəyanatlarını və ATƏT-in Bakı ofisinin bu istiqamətdə təşəbbüsünü dəyərləndirən partiya sədrləri ölkədaxili gərginliyin aradan qaldırılması üçün dialoqun zəruriliyini bir daha vurğulayıblar. AYP, VİP və ALP sədrləri bu məsələ ilə əlaqədar ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqaya birgə müraciət edilməsinə qərar veriblər. Müxalifətdaxili inteqrasiya prosesinin gedişatına toxunan görüş iştirakçıları qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da nəzərdən keçiriblər. Partiya sədrləri qarşıdakı dövrdə birgə təşkil olunacaq tədbirlər silsiləsini müzakirə edərək, müvafiq qərar qəbul ediblər. Görüşdə digər cari məsələlərə də baxılıb və uyğun qərarlar qəbul olunub.