Dünən Türkiyə Superliqasının növbəti oyunları keçirilib. Öz meydanında "Antalyaspor"u qəbul edən və Azərbaycan futbolvevərlərinin yaxşı tanıdığı Bülənt Qorxmazın baş məşqçisi olduğu "Karabükspor" görüşdən qələbə ilə ayrılıb. İlk hissədə 2 qol vuran Bülənt Qorxmazın komandası bu üstünlüyünü sonadək qoruya bilib - 2:1. Bu qələbə Qorxmazın komandasının çempinatı tərketmə təhlükəsindən demək olar ki, sığortalayıb. İstanbul təmsilçisi "Beşiktaş" isə səfərdə "Orduspor"un qonağı olub. "Qara qartal" növbəti dəfə qələbəyə həsrət qalıb. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıb - 1:1. Səfərdə "Eskişehirspor"un qonağı olan "Bursaspor" da xal itkisi ilə üzləşib. Fasiləyə qolsuz yollanan komandalar ikinci hissədə hərəyə bir dəfə fərqləniblər - 1:1. Bu gün isə turun son oyunu "Trabzonspor"la "Sivasspor" arasında baş tutacaq.