Dekabrın 12-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Məhəmməd-Sultan Məhəmmədovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qeyd edilib ki, Dağıstan nümayəndə heyəti Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibəti ilə ölkə paytaxtına gəlib. Milli Məclisin sədri Heydər Əliyev haqqında söylədiyi xoş sözlərə görə Dağıstan parlamentinin başçısına öz minnətdarlığını bildirib. Qeyd edilib ki, Azərbaycan rəhbərliyi Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Xalqlarımız arasındakı tarixi və mənəvi yaxınlıq münasibətlərimizin daha da dərinləşməsini zəruri edir. Parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində də əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Qəbul üçün minnətdarlığını bildirən Məhəmməd-Sultan Məhəmmədov Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurları yüksək dəyərləndirərək Dağıstanın gələcəkdə də Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.