Noyabrın 14-də Milli Məclisin deputatları Musa Quliyev və İlham Məmmədov Şimali Kipr Türk Cümhuriyyətinin ? KKTC-nin 28-ci Quruluş ildönümünə həsr olunan rəsmi dövlət tədbirlərinə qatılmaq üçün bu ölkənin paytaxtı Lefkoşa şəhərinə səfər edəcəklər. Bu barədə MİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bayram tədbirləri Lefkoşada Atatürkün xatirəsinə ucaldılmış abidənin önündən start götürəcək, KKTC-nin ilk dövlət başçısı Dr. Fazıl Küçükün məzarı ziyarət olunacaq, daha sonra onun adını daşıyan bulvarda rəsmi keçid mərasimi ilə yekunlaşacaq. Deputatlarımız mərasimlərdə iştirak və çıxış edəcək, səfər çərçivəsində KKTC-nin Prezidenti Dərviş Əroğlu, Spikeri Həsən Bozər, Baş naziri İrsen Küçük, XİN başçısı Hüseyn Özgürgün ilə görüşlər keçirəcəklər.