Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir. Xarici siyasət idarəsinin rəhbəri bu gün rusiyalı həmkarı Serqey Lavrovla görüşəcək. Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov məlumat verib. Rusiyalı vasitəçinin sözlərinə görə, Elmar Məmmədyarov Rusiya prezidenti D.Medvedevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair Azərbaycan prezidentinə ünvanladığı şəxsi məktubuna rəsmi Bakının cavabını çatdıracaq. Qeyd edək ki, Elmar Məmmədyarov və Sergey Lavrov görüş çərçivəsində bir sıra ikitərəfli və beynəlxalq məsələləri müzakirə edəcək, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2010-cu il 3 sentyabr tarixində imzalanmış ?Dövlət sərhədi haqqında? sazişin ratifikasiyasına dair sənədlərin mübadiləsini həyata keçirəcək, 2011-2012-ci illər üçün Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr planını imzalayacaqlar. Bundan başqa, Moskva səfəri zamanı Elmar Məmmədyarovun Rusiya baş nazirinin müavini A. Xloponin və Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşləri də nəzərdə tutulub.