2011-ci il iyulun 4-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında görüş keçirilib. Üç partiya rəhbərinin görüşündə ölkədəki ümumi vəziyyət və müxalifət qüvvələri arasında inteqrasiya prosesinin gedişatı məsələləri müzakirə olunub. KXCP, VİP və ALP sədrləri ölkədaxili ümumi durumu dəyərləndirərək vəziyyətdən çıxış yolları ilə bağlı fikir mübadiləsi aparıblar. Üçtərəfli müzakirələrdə müxalifət qüvvələrinin bir araya gəlmələrinə dair Vətəndaş Hərəkatı Forumunun (VHF) irəli sürdüyü inteqrasiya təşəbbüsü yüksək qiymətləndirilib. M.Mirəlioğlu, Ə.Əliyev və Ə.Temirxan VHF-nin 8 müxalifət partiyası arasında şəffaf müzakirələrin təşkili haqda təklifinə müsbət yanaşdıqlarını bildiriblər. KXCP, VİP və ALP sədrlərinin görüşündə digər məsələlələrə də toxunulub.