İyunun 20-dən 24-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər. Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropa Şurasının 2012-2013-cü illər büdcəsi, Avropada sığınacaq axtaran şəxslərin və qaçqınların vəziyyəti, insan hüquqlarının durumu, AŞPA-da islahatlar, gənclər arasında işsizliyin kəskin artımının qarşısının alınması, Tunisdə vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Sessiyada Ukrayna, Fələstin və Ermənistan prezidentlərinin çıxışları dinləniləcək, onlara suallar veriləcəkdir. İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.