Azərbaycanlı millət vəkilləri mayın 27-dən 30-dək Bolqarıstanın Varna şəhərində NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir. Sessiyanın iclaslarında informasiya və milli təhlükəsizlik, Ukraynada daxili dinamika və xarici siyasətin prioritetləri, Əfqanıstanda idarəetmə problemləri, raket əleyhinə müdafiə, Çinin tərəqqisi və bunun NATO üçün mümkün nəticələri, bioloji və kimyəvi təhdidlərə qarşı müqavimət göstərilməsi, sənayenin su təhlükəsizliyinə təsiri və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Bundan başqa, səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub.