Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəal üzvlərinə hakimiyyətin təzyiqləri ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda deyilir ki, AXCP-nin Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmliyə qarşı İctimai Palatanın 2 aprel aksiyasından dərhal sonra hakimiyyət orqanlarının qanunsuz, siyasi və mənəvi çərçivələrdən kənar hərəkətləri partiyanı narahat edir. Partiya ioddia edir ki, Təzəxan Mirələmli 2 aprel mitinqində döyülərək ağır xəsarət alıb, Mirələmi Bakıda xəstə yatarkən ailəsi şiddətli mənəvi repressiya tuş olub və bu hallar ağır faciə ilə nəticələnib. T. Mirələmlinin məktəbli oğlu konfliktə çəkilib, bu konfliktdə bir nəfər şagird vəfat edib. Bəyanatda qeyd olunur ki, son olaraq AXCP Sabirabad şöbəsinin fəalı Sahib Rüstəmli, AXCP Yardımlı şöbəsinin sədri Gülbala Əhmədli, AXCP Şirvan şöbəsindən Ali Məclis üzvü Rəşad Həsənov da heç bir ciddi əsas olmadan yalnız siyasi əqidələrinə görə işdən çıxarılıblar. Partiya bəyan edir ki, siyasi fikirlərinə görə vətəndaşların dövlət və özəl təşkilatlarda əmək hüquqlarının məhdudlaşdırılması, onlara qarşı inzibati orqanlar vasitəsi ilə təzyiqlərin edilməsi yolverilməzdir. AXCP bəyan edir: ?Vətəndaşları siyasi əqidəsinə görə çörəklə imtahana çəkmək hüquqa hörmətsizliklə yanaşı mənəvi dəyərlərin tapdanmasıdır bunu edənlər tarix və cəmiyyət qarşısında daim utanc obyekti olaraq qalacaqlar?.