Bakıda Rəsul Quliyevin romanı nəzr olundu
Azərbaycanın eks-spikeri Rəsul Bayramın (Quliyev) Bakıda yeni kitabı nəşr
olunub. Müəllifin bu kitabı əvvəlkilərindən fərqli olaraq, roman janrında
qələmə alınıb.
"Qanun" nəşriyyatından verilən məlumata görə, "Axına qarşı" adlanan roman
bir kitabda həm azərbaycan, həm də rus dilində nəşr olunub. Əsər iki gəncin
dramatik məhəbbəti fonunda Yaxın Şərqin və XX əsrin son 100 illik tarixinin
düyünlərinə işıq salır.
Romanın baş qəhrəmanı Davud adlı livanlı gəncdir. O, Fransada tələbə ikən,
Çində baş verən zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün bu ölkəyə
gedən könüllülərə qoşulur. Burada o özü də dağıntıların altında qalaraq,
xəsarət alır. Çoxlu qan itirən Davudu huşsuz vəziyyətdə dağıntılar altından
Suzan adlı bir qız xilas edir və ona ilk yardım göstərir. Suzan da Çinə
gələn könüllülərdən biri olur. Davud bir neçə həftə sonra özünə gəlsə də,
onu xilas edən Suzanın artıq Çini tərk etdiyini eşidir. davud barəsində heç
bir məlumat olmayan Suzanın axtarışına başlayır.
Romantik dram və siyasi detektiv janrında yazılmış kitabda I və II Dünya
müharibələrinin başlaması səbəbləri, İsrail-Fələstin savaşının Azərbaycan
oxucusuna bəlli olmayan qaranlıq məqamları açıqlanır.
Yarısənədli formada yazılan romanda dünyanın və Yaxın Şərqin son yüzildəki
əsas oyunçuları haqqında ilginc məlumatlar açıqlanır. "Hizbullah" təşkilatı
necə yarandı? Təşkilatın lideri Molla Nəsrullahı İran lideri İmam Ruhulla
Xomeyni ilə hansı tellər bağlayırdı? Xomeyni Qorbaçova göndərdiyi məktubda
nələri yazmışdı? Ayaq basdığı bütün ərəb ölkələrində vətəndaş müharibəsinə
bais olan Yasir Ərəfat əslində kim idi? ABŞ və Böyük Britaniya
İsrail-Fələstin münaqişəsini necə alovlandırdılar? SSRİ-ni dağıtmaq üçün ABŞ
prezidenti Ronald Reyqan hansı planı işə saldı?.. Bütün bu qlobal hadisələr
iki xalqın - yəhudi və ərəblərin taleyində hansı izləri buraxdı? Bu faciəvi
hadisələr bir-birini sevən iki gəncin qovuşmasına mane olacaqmı?..
"Axına qarşı" romanı ümumilikdə avtoritar rejimlərin millətlərin və
insanların taleyində necə ağır izlər buraxdığını canlı ştrixlərlə anladır.
Əsərin mövzusu eyni problemlərlə üz-üzə qalan Azərbaycan oxucusuna müqayisə
üçün yaxşı imkanlar açır.
Qeyd edək ki, roman 2010-cu ildə ABŞ-ın tanınmış nəşriyyatlarından biri olan
?Xlibris??də ingilis dilində nəşr olunub.
Kitab Almaniyanın məşhur Frankfurt yarmarkasında, habelə Amerikanın daha 3
kitab sərgisində geniş oxucu auditoriyasına təqdim olunub. Kitabın nəşrindən
az sonra Yaxın Şərq ölkələrində baş verən inqilablar romanın aktuallığını
artırıb və ABŞ-da böyük maraq qazanıb.
Kitab bakının bütün kitab mağazalarında satışa çıxarılıb. Qiyməti 5
manatdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51