?AXCP üzvü Dəyanət Babayev, Musavat üzvü Səxavət Soltanlı, gənc fəallar Bəxtiyar Hacıyev və Rəşadət Axundovun həbsi siyasi repressiyaların yeni dalğasının başlanmasından xəbər verir. İctimai baxımdan fəal, hakimiyyəti davamlı olaraq tənqid edən gənclərin heç bir əsas olmadan həbs edilməsi göstərir ki, hakimiyyət opponentlərini 19-cu əsrdən qalma primitiv usullarla sıradan çıxartmaq və 11 mart mitinqi ərəfəsində gənclərin fəallığını zəiflətmək niyyətindədir?. Bu fikirlər Aydınlar Partiyasının MİA-ya daxil olan bəyanatında yer alıb. Aydınlar Partiyası belə hesab edir ki, gənclərin həbsi həm də son vaxtlar aktivləşən və hakimiyyətdən gerçək demokratik islahatlar tələb edən, korrupsiya və avtoritarizmə qarşı barışmaz mövqe tutan gəncliyin gözünü qorxutmaq, onları susdurmaq cəhdidir. Ancaq belə cəhdlər praktikada həmişə ugursuzluga düçar olub və olacaq da. Aydınlar Partiyası hakimiyyətdən siyasi baxışlarına görə həbs edilən gənclərin dərhal azadlığa buraxılmsını və repressiyalara son qoymağı tələb edir.