Akademik Milli Dram Teatrı səhnəsində ?Eurovision-2011? mahnı müsabiqəsinin milli finalının son məşqləri olub. İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, fevralın 11-də axşam saat 20.00-dan başlayaraq 3 saat ərzində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı səhnəsində 5 finalçı - Nigar Camal, Eldar Qasımov, İlqarə İbrahimova, İlhamə Qasımova və Aynişan Quliyeva öz səs imkanlarını və performanslarını göstərəcəklər. Bu iddiaçılardan bir nəfəri münsiflər heyətinin səsverməsi əsasında ?Eurovision-2011? mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi seçiləcək. Finalçılarla yanaşı, ?Eurovision? ulduzlarının çıxışlarının da nəzərdə tutulduğu konsert proqramının gedişində Eurovision TV-nin direktoru Yorqan Frank telekörpü vasitəsilə tədbirə qoşulacaq və milli seçim turu iştirakçılarını salamlayacaqdır.